BAKI, 9 dekabr. TELEQRAF

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

59 yaşlı məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.
“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

***

14:19

"Neftçi" baş məşqçi postu üçün bir müddətdir danışıqlar apardığı Yuri Vernidubla münasibətləri rəsmiləşdirib.

Teleqraf-ın məlumatına görə, ukraynalı mütəxəssisin keçidi bu gün ictimaiyyətə açıqlanacaq.

"Ağ-qaralar" 59 yaşlı məşqçi ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Yuri Vernidub ötən gün paytaxt təmsilçisinin Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində "Sabah"la (0:2) keçirilən oyununu tribunadan izləyib.