BAKI, 8 dekabr. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının VI turunun "Ayaks"la oyununa təyinat alan FIFA referisi Rade Obrenoviç daha əvvəl Ağdam təmsilçisinin matçını idarə edib.
Teleqraf xəbər verir ki, sloveniyalı baş hakim 2021-ci ildə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Bakıda Şotlandiya "Aberdin"i ilə keçirdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsi görüşündə ədaləti qoruyub.
Obrenoviç "Qarabağ"ın 1:0 hesablı qələbə qazandığı oyunda ümumilikdə 6 sarı vərəqə göstərib. Bunlardan ikisi təmsilçimizin payına düşüb. Belə ki, Maksim Medvedevlə Patrik Andrade sloveniyalı hakim tərəfindən rəsmi xəbərdarlıq alıb.

Rade Obrenoviç "Qarabağ"ın 2022-ci ildə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Bakıda Çexiyanın "Viktoriya Plzen" klubu ilə 0:0 hesabı ilə heç-heçə etdiyi matçda dördüncü hakim funksiyasını yerinə yetirib.
Obrenoviç həmçinin Azərbaycanın U-21 millisinin 2016-cı ildə Sloveniyanın müvafiq komandası ilə keçirdiyi yoldaşlıq görüşündə də baş hakim olub. Millimiz həmin qarşılaşmada 2:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da keçiriləcək.