BAKI, 24 noyabr. TELEQRAF
"X" sosial media platformasındakı "Whoop" hesabında Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun bioloji yaşının 28 olduğu bildirilib.
Teleqraf xəbər verir ki, artıq 40 yaşlı futbolçunun özü də məlumatı təsdiqləyib.
"Məlumatlar yalan deyil", - deyə portuqaliyalı ulduz yazıb.
Noyabrın 23-də Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının matçında karyerasının 954-cü qolunu vurub. O, komandasının xeyrinə 4:1 hesabı ilə başa çatan "Əl-Xəlic"lə matçın 96-cı dəqiqəsində Navaf Əl-Buşaalın ötürməsini aktobatik zərbə ilə tamamlayıb.
Ronaldu milli komandaların, Avropa Çempionatlarının və UEFA Çempionlar Liqasının bütün zamanların ən yaxşı bombardiri və rəsmi oyunlarda 900 qola çatan ilk oyunçudur. O, 5 dəfə Çempionlar Liqası, 2016-cı ildə Avropa Çempionatı və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.
Ronaldu 2006-2022-ci illərdə ardıcıl 5 dünya çempionatında qol vuran yeganə oyunçu olaraq qalır.