BAKI, 15 noyabr. TELEQRAF
“Fransa ilə oyunda bütün komandalar çətinlik çəkir. Hücum futbolu oynamaq istəyirik, amma görək, rəqib nə qədər imkan verir. Sabah mübarizə apacağıq. Rəqibi nəzərə alırıq. Çalışacağıq ki, hücum edək”
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Bakıda Fransa ilə keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
“Sabah son oyunumuza çıxırıq. Ağır oyun olacaq. Səfərdə də çətin oyun olmuşdu. Bilirdik ki, rəqib sonda daha çox təzyiq edəcək. Sabah dəyişikliklər olacaq. Bizdə itkilər var. Dünən Toral Bayramov zədələndi. Onun yerinə oynayan oyunçular zəif deyil. Sabah stadion dolu olacaq. Belə bir rəqibə qarşı oynamaq gələcəkdə bizə yaxşı təcrübə ola bilər. Bu gün bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Reallıq da var” -deyə, 44 yaşlı mütəxəssis bildirib.
Abbasov cəzalı durumdan çıxan Şahruddin Məhəmmədəliyevə sabah şana verəcəyini bildirib: “Bilirik ki, bizim birinci qapıçımız Şahrudindir. Onun yoxluğu böyük itki idi. Aydın Bayramov da ötən oyun yaxşı çıxış etdi. Sabah Şahrudini qapıda görəcəksiniz. Sol cinah müdafiəçilərinin belə zədələnməsi bizi çətin duruma saldı. Rüfət Abbasov İslandiyaya qarşı oynadı. İlk oyunu idi. Gənclərə şans verməliyik. Gəncləri milliyə görüntü üçün çağırmırıq. Çağırırıqsa, deməli onlara güvənirik. Xəyal Əliyev də pis təsir bağışlamadı. Dəyişiklik ola bilər. Futbolçuların durumuna baxacağıq. İslandiya ilə matçda ağır yükləndilər. Bu gün qərar verəcəyik”.
Baş məşqçi yığmanın uğursuzluğuna səbəb gətirilən heyətin səviyyəsindən danışıb: “Material var. Sadəcə formada deyillər. Səbəbləri də bəlli deyil. Bu futbolçularımız tam formada olsalar, Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Amma ora qədər vaxt var. Futbolçular formada olmalıdır, bunun üçün isə oynamaq lazımdır. Bu gün futbolçu milliyə hazır gəlməlidir. 3-4 günə onları hazır etmək olmur. Seçim imkanımız da olmalıdır. Futbolçular öz klublarında daimi oynamalıdır. Klubda mübarizəni udmalıdırlar. 4 hücumçumuzun dördü də formada olsa, rahat olardıq. Bu dəqiqə millimizin potensialı var”.
Abbasov “Fransa ilə oyundan əvvəl "Oser faciəsi"nin qəhrəmanlarından biri, hazırda "Turan Tovuz"da məşqçi kimi çalışan Yunis Hüseynov “Ayxan Abbasov özünü gülünc vəziyyətə salır, fikirləri məşqçiyə yaraşmır. "Turan Tovuz" haqda danışmasın” açıqlamasına belə münasibət bildirib: “Gəlin, oyundan qabaq bu mövzulara toxunmayaq. Bütün klublar mənim üçün eynidir. Hər birinin məşqçilərinə hörmətlə yanaşıram, heç bir kluba hörmətsizlik etməmişəm”.
Mütəxəssis milli komandanın idman direktoru İlqar Qurbanovun hər oyun texniki zonada onun yanında əyləşməsinin səbəbini belə izah edib: “Bütün dünyada idman direktorları oturur. Təəssüf edirəm ki, belə nələrisə axtarırıq. İlqar Qurbanovdan qabaq da başqa idman direktorları orada oturub. İlqar Qurbanovun ayrı işi var, köməkçilərimin ayrı işi, mənim ayrı işim”.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.