BAKI, 25 sentyabr. TELEQRAF
"Oyuna yaxşı başladıq, ilk dəqiqələrdən üstünlüyü ələ aldıq".
Teleqraf xəbər verir ki, bu sözləri Xorvatiyanın "Dinamo Zaqreb" klubunun baş məşqçisi Mario Kovaçeviç evdə Türkiyə "Fənərbağça"sını 3:1 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının I tur oyunundan sonra keçirilən mətbuat konfransında söyləyib.
50 yaşlı mütəxəssis İstanbul təmsilçisinin daha güclü futbolçulara malik olduğunu söyləyib: "Bunu bilirdik, amma "Fənərbağça" hələ komanda olaraq formalaşa bilməyib. Matçın əvvəlindən üstünlüyü ələ aldıq və sonadək bunu qoruya bildik. Rəqib bizə qarşı bir dənə də real şans yarada bilmədi. Bəzi oyunçuları dəyişmək məcburiyyətində idim, çünki ehtiyatda olanlar da hazır və yaxşı formada idi".
Qeyd edək ki, "Dinamo Zaqreb" Avropa Liqasının II turunda İsrail təmsilçisi "Makkabi" ilə, "Fənərbağça" isə Fransanın "Nitsa" klubu ilə qarşılaşacaq.