BAKI, 15 sentyabr. TELEQRAF

“Baş məşqçimizin dediyi kimi, oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı, amma biz bu yarışa hazırıq”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futblolçusu Kadi Borges Portuqaliyada “Benfika” ilə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundan öncə mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi qitənin ən böyük turnirində iştirak etməyi arzuladıqlarını bildirib: “3 dəfə qapıdan qayıtmışdıq, yəni pley-off-da məğlub olmuşduq. Amma bu mövsüm nəhayət ki, istəyimizə çatdıq. Çox sevincliyik. Məsuliyyətli olmalıyıq. Ümid edirəm, yaxşı oyunlarımızdan birini göstərəcəyik. Çünki bunu hamımız gözləyirdik. Hər il avrokuboklarda güclü komandalaara qarşı oynayırıq. Belə kollektivlərə qarşı oyunların nə olduğunu bilirik. Buna görə də hər hansı təsirinin ola biləcəyini düşünmürəm”.

Borges Qurban Qurbanovun oyun fəlsəfəsini dəyişib-dəyişməməsi barədə sualı belə cavablandırıb: “Baş məşqçimiz artıq 17 ildir komandanın sükanı arxasındadır. Bu müddət ərzində bəlkə bir-iki dəfə dəyişmiş ola bilər. Amma inanmıram. Çünki həmişə öz oyun fəlsəfəmizə sadiq qalmışıq. Bu dəfə də elə olacaq. Bu da oyunçular üçün çox önəmlidir”.

Kadi Çempionlar Liqasının əsas mərhələsindəki ilk çıxışına xüsusi motivasiya ilə hazırlaşdığını bildirib: “Həmişə deyirəm ki, mənim üçün ən önəmli matç növbəti oynayacağımızdır. Təbii ki, bu turnirin böyüklüyünü nəzərə alanda belə düşünmək olar. Bizim üçün çox vacib oyundur. Sözsüz ki, “Benfika” çox böyük klubdur. Heyətində böyük nailiyyətlər qazanmış dünya səviyyəli oyunçular var. Buna baxmayaraq, onların oyununu yaxşı təhlil etmişik. Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini göstərəcəyik”.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.