BAKI, 29 avqust. TELEQRAF

"Qarabağ"ı və komandanın baş məşqçisi Qurban Qurbanovu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqları üçün təbrik edirəm".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis bu uğurun ölkə futbolu üçün də vacib olduğunu söyləyib: "Bu, "Qarabağ" və Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Avropada bir müddət ərzində "Qarabağ" və Azərbaycan haqqında danışılacaq".

O, yığmanın kapitanı Bədavi Hüseynovun dəvət olunmamasının səbəbini açıqlayıb: "Ona böyük hörmətim var və istəyərdim ki, bizimlə olsun. Amma formada olmadığı üçün milliyə çağırılmadı. Lakin, Bədavinin üzərindən xətt çəkmirik. O, gələcəkdə yenidən bizimlə ola bilər".

Santuş milliyə dəvət alan hər üç qapıçının öz klublarında oyun təcrübəsindən əziyyət çəkdiklərini deyib: "Rəqabətdə çıxış etməyən futbolçu məni narahat edir. Baş məşqçi olaraq bütün oyunçularımın oyun təcrübəsindən əziyyət çəkməməsini istəyərdim. Əlimizdə olan futbolçularla yaxşı hazırlaşaraq istədiyimiz nəticəni əldə etməyə çalışacağıq".

O, futbolda hər bir nəticənin mümkün olduğunu vurğulayıb: "Son toplanışlara görə deyə bilərəm ki, futbolçular çox istəklidirlər. Bu da mənə ümid verir ki, istədiyimiz nəticə əldə edə bilərik".

"Santuş millinin oyunlarının asan keçməyəcəyini bildirib: "İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçuları xaricdə çıxış edir. Elə komandadır ki, arxadan hücumların qurulmasını yaxşı bacarırlar. Topsuz olan zaman çox aqressiv çıxış edirlər, çalışırlar ki, topu itirən kimi geri qaytarsınlar. Köməkçilərimlə birlikdə İslandiya millisinin oyunlarına baxmışıq, təhlil etmişik. Güclü və zəif tərəflərini bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Ukrayna millisi də çox güclü rəqibdir. Üzərimizə düşən hər iki komandanı yaxşı təhlil edib, oyunçulara çatdırmaqdır. Bu iki oyundan biri uzun səfərdə olacaq. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər. Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Ukrayna ilə isə artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komanda hər oyuna yalnız qələbə üçün çıxır".

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.