BAKI, 22 avqust. TELEQRAF

Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Konfrans Liqasında ilk pley-off matçlarını idarə ediblər.

Teleqraf xəbər verir ki, Ağayev "Fiorentina"nın Ukrayna "Polesye"sinə qarşı səfər oyununda iş başında olub.

Slovakiyanın Preşov şəhərində keçirilən oyun Florensiya komandasının qələbəsi ilə yekunlaşıb - 3:0. Oyunun 44-cü dəqiqəsində azərbaycanlı hakim “Fiorentina”nın hücumçusu Moyze Kini rəqibinə dirsək zərbəsi endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Məsiyev isə "Tsele" (Sloveniya) ilə Çexiyanın "Banik Ostrava" komandaları arasındakı matçı idarə edib. Tsele şəhərində təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Azərbaycanlı baş hakim Tsele"nin 3, "Banik Ostrava"nın 4 futbolçusuna sarı vərəqə göstərib.