BAKI, 10 iyun. TELEQRAF
“Rəqib çox səviyyəli komandadır. Onlar bizdən daha yaxşı idilər və qələbəyə də layiq idilər”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov evdə Macarıstana 1:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı yarımmüdafiəçi komandalar arasında səviyyə fərqinin olduğunu bildirib:“Bizdə Dominik Soboslai kimi futbolçu yoxdur. O, yerindən 50 metr məsafəyə pas verə bilən oyunçudur. Buna görə də çətin idi. Çalışmağımız lazımdır”.
O, matçın sonunda epizodlarının olduğunu söyləyib: “Heç-heçə də edə bilərdik. Qapıya zərbələrdə fərqin olduğunu bilirəm. Oyunumuz alınmadı. Əks-hücumlarda daha yaxşı olmaq istəyirdik. Oyunun sonunda çalışdıq ki, rəqibi qapısına doğru sıxaq. Epizodlarımız var idi, amma vura bilmədik”.

Millinin kapitanı komandasının 10 oyun qələbəsizlik seriyasını belə şərh edib: “Daha yaxşı oynaya bilərik. Bir ildir qələbə qazana bilmədiyimizi başa düşürəm. Azarkeşlər də qələbə gözləyirlər”.
Mahmudov yığmanın baş məşqçisi Fernandu Santuşun istefaya göndəriləcəyi ilə bağlı məlumatının olmadığını söyləyib: “Onun qalıb-qalmayacağını bilmirəm. Bizim işimiz daha yaxşı oynamaqdır”.