BAKI, 23 may. TELEQRAF

"Mən cümə günləri özümü xüsusilə yaxşı hiss edirəm. Ola bilər, bu məsələnin söhbətə aidiyyatı yoxdur. Amma qələbə qazanmağımızda bir növ bunun da rolu oldu".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan minifutbol millisinin kapitanı Elvin Əlizadə Bakıda keçirilən dünya çempionatında Sloveniyaya 4:0 hesabı ilə qalib gəldikləri A qrupunun II tur matçından sonra deyib.

Əlizadə qol vurmasını maraqlı amilə bağlayıb: “Həqiqətən də yaxşı hazırlaşmışdıq. Məndə hər cümə günü halım yaxşı olur. Bu dəfə də oyunumuz bu günə təsadüf etdi, yaxşı nəticə qazandıq. Hamı əzmkarlıq göstərdi. Rəhbərliyin də bizimlə söhbəti buna təsirini göstərdi. Azarkeşlərə, hər kəsə təşəkkür edirəm”.

Təcrübəli futbolçu növbəti oyuna hazırlaşacaqlarını qeyd edib: “Bundan sonrakı rəqibimiz Mavritaniyadır. Taktiki cəhətdən o qədər də yaxşı görünmürlər. Biz daha yaxşı hazırıq. Meydan amili birinci oyunumuza çox təsir etdi. İndi isə pis deyildi. Slovakiyada da bu təcrübəni keçmişəm. Bu gün meydanın örtüyü yatıb. Bəhreyn bunlardan elə də güclü komanda deyil. Meydan öz sözünü deyirdi. Göstərdik ki, ilk turda meydan amilinə görə elə oynamışdıq”.

Qeyd edək ki, hazırda Azərbaycan və Mavritaniya milliləri hərəyə 4 xalla A qrupunda ilk 2 yerdə qərarlaşıb. Bəhreyn və Sloveniya hərəyə 1 xalla 3-4-cü yerlərdədirlər.