BAKI, 23 may. TELEQRAF

Azərbaycan milli komandasının iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Teleqraf xəbər verir ki, AFFA-nın inzibati binasında Fernandu Santuş heyəti açıqladıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yoxlama görüşlərində nəyə ümid edirsiniz?

- Əlbəttə, gözləntilərimiz yaxşı məşq edib və hazırlaşaraq qələbə qazanmaqdır.

- ⁠Elə futbolçu oldumu ki, çağırmağa tərəddüd etdiniz?

- ⁠Bəzi oyunçular var ki, istərdim çağırım, amma zədə səbəbindən dəvət edə bilmədim. Bunlar Amin Seydiyev, Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafa Əhmədzadə və Aleksey İsayevdir. Bundan öncə Ramil Şeydayevlə Ozan Can Kökcü də dəvət olunmuşdular. Amma komandalarının son oyunlarında şans qazanmadıqları üçün dəvət edə bilmədik. Oynamayan oyunçunu milliyə dəvət edə bilmərik. Gələcəkdə mütəmadi oynasalar, millinin qapıları onlar üçün açıqdır.

- Mətbuatda yayılan məlumatlara görə, qarşıdakı iki oyunda uduzsanız, istefaya göndəriləcəksiniz...

- Bu, mənim problemim deyil. Gəzən söz-söhbətlərdir. Necə cavab verəcəyimi bilmirəm. Bunu AFFA rəhbərliyi daha yaxşı bilir.

- ⁠Cənab Santuş, sizdən gözləntilər çoxdur, amma oyun və nəticə sarıdan irəliləyiş yoxdur. Siz necə düşünürsünüz, millidə hansı inkişaf olub?

- ⁠Bundan öncəki mətbuat konfranslarında demişəm ki, bu, uzun layihədir. Biz öz yolumuza davam edəcəyik. Bir çox futbolçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Uğuru bu yolda görürük.

- ⁠Premyer Liqanın səviyyəsini 10 ballıq şkala ilə ölçə bilərsiniz?

- "Qarabağ"ın səviyyəsini bilirik. Amma çempionata ümumi 5 bal verərəm. Hər komandanın baş məşqçisi çalışır ki, istəklərinə nail olsun. 10 komandanın 3-4-ü yüksək pillələr uğrunda mübarizə aparır.

- Türkiyənin "Boluspor" klubunda çıxış edən Vüsal İsgəndərlini niyə milliyə dəvət etmirsiniz?

- Millinin toplanışına 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Hücum xəttinə kimlər dəvət olunubsa, açıqlanıb. Vüsal İsgəndərli klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir. Mən onun bütün oyunlarına baxıram. Köməkçilərim də harada çıxış etmələrindən asılı olmayaraq, bütün futbolçuları izləməyə çalışırlar. Hər mövqeyə ən yaxşılarını seçib dəvət etmişik.

- Növbəti mövsümdən legioner limiti ləğv edilir. Klubunda oynamayan oyunçuları milliyə çağırmağa məcbur olmayacaqsınız?

- ⁠Biri var, klubunda 5-10 dəqiqə çıxış edəsən. Biri də var, davamlı olaraq, ehtiyat skamyasında oturub şans qazanmırsan. Həmin oyunçular dəvət olunmayacaq. Hər bir baş məşqçinin öz üslubu var, hörmətlə yanaşıram. Hansısa klubda baş məşqçi işləsəydim, eyni qərarları verərdim. Söhbət millidən gedirsə, dəvət alan futbolçunun mütəmadi oyun praktikası olmalıdır. Hər bir oyun futbolçu üçün çox vacibdir. Bizim əlimizdə çox oyunçu yoxdur, var, amma çox azdır. Əlimzidə olanlardan milliləşdirilən Renat Dadaşov var. Hər klubda kimin oynayıb-oynamayacağına rəqabət baxımından baş məşqçi qərar verir. Biz də istərdik ki, daha çox azərbaycanlı oyunçular çıxış etsinlər. Gözləyək, görək qarşıdakı mövsümdə necə olacaq. Komanda sayı 10-dan 12-yə artırılacaq. Düşünürəm, ki, futbolçular özlərini yaxşı tərəfdən aparmaq üçün rəqabət aparmalıdırlar.

- Mövsüm başa çatan kimi milli üzvləri çox da istirahət edə bilməyəcək. Bu, onların motivasiyasına təsir edəcəkmi?

- ⁠Ümid edirəm ki, motivasiyalarına pis təsir etməz. Mayın 27-dən təlim-məşq toplanışına başlayacağıq. Bəzi futbolçular Azərbaycan Kubokunun final matçından sonra bizə qoşulacaqlar. Cədvəli elə tərtib etmişik ki, gündəlik bir məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirə bilsinlər, evə gedib-gəlsinlər. Kubokun finalında iştirak edəcək oyunçulara 3 gün istirahətdən sonra bizə milliyə qoşulacaqlar. Sənin milli ruhun və milliyə sevgin varsa, oraya motivasiya ilə qoşulacaqsan. Harada işləmişəmsə belə görmüşəm. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. Ümid edirəm ki, onlar miliiyə çağırılanda sevinirlər və xoşbəxt olurlar.

- Hər dəfə fərqli heyət çağırırsınız. Nə zaman yekun heyət formalaşdıracaqsınız?

- ⁠Hər dəfə 25 oyunçu dəvət edilir. Yarıdan çoxu eyni adlardır. Mən Avropa çempionu olmuşam, Millətlər Liqasını da qazanmışam.

- Siz əsəbiləşirsiniz, amma ictimaiyyət haqlı olaraq sizdən nəticə gözləyir...

- ⁠Xeyr, əsəbiləşməmişəm. Həqiqət özünü nəticələrdə əks etdirir. Zədəli oyunçular olmasaydı, yeni adlar çox olmayacaqdı. Həm də yoldaşlıq görüşləri ondan ötrüdür ki, onları da sınaqdan keçirək. Həmçinin yoldaşlıq görüşü olduğundan, ideal vaxtdır. Hər təlim-məşq toplanışına yeni oyunçular cəlb olunsunlar, buradakı ab-havanı görsünlər. Gələcəkdə də təcrübəli olsunlar. Eyni hal Yunanıstanda da olub, Portuqaliyada da. Hazırda Portuqaliya yığmasında oynayanların çoxusu mənim 18-19 yaşlarında dəvət etdiklərimdir. Eyni hal Yunanıstanda da oldu.

- Dəvət etdiyiniz futbolçuların çoxu yaşlıdır. Məsələn, qapıçı Şahrudin Məhəmmədəliyev. Üstəlik, daimi əsas heyət üzvü deyil. Etibarlı bir qapıçı varmı ki, onu çağırasınız?

- Qapıçı çox spesifik mövqedir. Burada çox az rotasiyalar edirik. Sualınızı yaxşı başa düşdüm. Ötən dəfə Şahrudin zədələndikdə “Səbail”in qapıçısı Əlirza Müştəbəzadəni dəvət etdik. Rza Cəfərov da yaxşı və perspektivli qapıçıdır. Şahrudinin özü təcrübəli qapıçıdır. Düşünürəm ki, o, öz təcrübəsi ilə yenilərə də kömək edəcək.