BAKI, 23 may. TELEQRAF

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının daha iki oyunu keçirilib.

Teleqraf xəbər verir ki, ikinci turun ilk oyun günündə Azərbaycan milli komandasının da yer aldığı A qrupunda Mavritaniya və Bəhreyn seçmələri üz-üzə gəliblər.

Qarşılaşma Mavritaniya yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, mavritaniyalılar xallarının sayını 4-ə çatdırıb.

B qrupunda isə Özbəkistan millisi Fransa komandası ilə heç-heçəyə razılaşıb: - 3:3.

Bu, özbəklərin mundialda ilk xalı olub. Fransızlar isə xal ehtiyatını 4-ə çatdırıb.

Azərbaycan yığması bu gün keçiriləcək oyunda Sloveniyanı sınağa çəkəcək.

Qeyd edək ki, günün digər görüşlərində Türkiyə Ukrayna ilə, Çad Rumıniya ilə, İngiltərə Macarıstanla, Bolqarıstan Hindistanla, Portuqaliya isə Slovakiya ilə üz-üzə gələcək.