BAKI, 21 may. TELEQRAF

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, III yer uğrunda mübarizədə Bakı Dövlət Universitetinin komandası Bakı Mühəndislik Universitetinin komandasına qalib gəlib.

Finalda isə Azərbaycan İdman Akademiyasının komandası Azərbaycan Texniki Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.

Liqanın ikinci altılığında mübarizə aparan komandalardan I yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yeri Milli Aviasiya Akademiyası, III yeri Azərbaycan Tibb Universitetinin komandası tutub.

Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.

Sonra AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” təqdim olunub. Oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə 29 noyabr 2024-cü il tarixdə start verilib və liqada 12 ali təhsil müəssisəsi mübarizə aparıb.

*** 16:29

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün final oyunu keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AZTU) idman zalında təşkil olunan görüşdə AZTU və Azərbaycan İdman Akademiyası (AİA) komandaları üz-üzə gəlib.

Gərgin keçən matçda AİA rəqibini 5:1 hesabı ilə məğlub edib.

Matçın sonlarına yaxın AZTU-nun futzalçısı oyun epizodunda rəqibini yerə yıxıb. Bu zaman tərəflər arasında münaqişə yaranıb. Tərəfləri qısa müddətdə ayırmaq mümkün olub.

Qeyd edək ki, yarışın təşkilatçıları Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi olub.