BAKI, 18 may. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Nürnberq" klubunun heyətində Almaniya II Bundesliqasında son oyununu keçirib.
Teleqraf xəbər verir ki, səfər matçında rəqib "Ayntraxt Braunşveyq" olub.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.
Meydana start heyətində çıxan Emreli het-trik edib. O, 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. 28 yaşlı hücumçu 83-cü dəqiqədə əvəzlənib.
Bununla da Emreli "Nürnberq"in heyətində II Bundesliqada vurduğu qol sayını 10-a çatdırıb. O, daha bir qolu Almaniya Kubokunda vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Nürnberq" çempionatı 48 xalla 10-cu pillədə başa vurub. Mahir Emreli isə klubla müqaviləni uzatmayaraq, yollarını ayırıb.
***
18:17
Mahir Emreli görüşün 45+1-ci dəqiqəsində het-trikə imza atıb.
Matçda hesab 4:0 “Nürnberq”in xeyrinədir.
***
17:52
Mahir Emreli qarşılaşmanın 21-ci dəqiqəsində həm özünün, həm də komandasının ikinci qolunu vurub.
Hesab “Nürnberq”in xeyrinədir - 2:0.
***
17:44
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun heyətində növbəti qolunu vurub.
Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu bu dəfə II Bundesliqanın sonuncu - XXXIV turunda "Ayntraxt Braunşveyq"la səfər matçında fərqlənib. O, 10-cu dəqiqədə hesabı açıb.
Qeyd edək ki, hazırda "Nürnberq" minimal hesabla öndədir.