BAKI, 30 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" klubu ev oyunlarını keçirmək üçün “ASCO Arena” ilə müqavilə bağlayıb.

Bu barədə Teleqraf-a klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov məlumat verib.

Onun sözlərinə görə, belə addım atmalarına stadionun hazırkı icarədarı "Səbail"in Azərbaycan Premyer Liqasını tərk etmə ehtimalı səbəb: "Oranı hansısa Premyer Liqa klubu götürsəydi, başqa stadion tapmalı olacaqdıq”.

Mürsəlov klubun 2025/2026 futbol mövsümündə ev oyunlarını müvəqqəti olaraq “ASCO Arena”da keçirmək ehtimalını təsdiqləyib. Klub rəsmisi bunun Heydər Əliyev adına İmişli şəhər stadionunda təmir işlərinin gedəcəyi ilə bağlı müvəqqəti olacağını vurğulayıb: “Stadionumuzun təmirə bağlanması ilə əlaqədar işləri yekunlaşdıra bilməsək, ən azı bir-iki tur AFFA-nın balansında olan stadionlardan birindən yararlanacağıq. Əlbəttə, stadionumuz Premyer Liqa standartlarına cavab vermədiyi üçün bir müddət səfərdə oynamalı olacağıq. Bizim Şamaxı İdman Olimpiya İdman Kompleksi və Saatlı Olimpiya İdman Kompleksi ilə müqaviləmiz var. Bu, o demək deyil oyunlarımız orada oynayacağıq. Amma stadionun təmirə bağlanması ilə əlaqədar əlimizdə variant olması üçün belə addım atdıq. Bu gün zərurətdən belə edirik ki, bizdən öncə hansısa klub davranmasın və çətin vəziyyətdə qalmayaq”.

Mürsəlov Premyer Liqa oyunlarını Bakıda keçirməyin onlar üçün sərfəli olmadığını qeyd edib: “Əvvəldən bu yola çıxanda məqsədimiz İmişli rayonuna futbolu qaytarmaq, yenidən rayonda futbolu inkişaf etdirmək olub. Bilirsiniz ki, İmişlidə Premyer Liqa klubu 18 il öncə ("MKT-Araz" - red.) mövcud olub. Ölkədə ümummilli lider Heydər Əliyevin adını daşıyan stadion bizdədir ki, bu da əlavə motivasiyadır. Hədəfimiz o deyil ki, komanda Bakıda yerləşsin. Paytaxtda məskunlaşmaq bizə daha böyük vəsaitə başa gələcək. Halbuki, baş sponsorumuz öz stadionumuza kifayət qədər vəsait sərf edib. Konkret hədəfimiz İmişlidə oynamaqdır. Yəni, doğma stadionumuzda oynayıb, bilet satışından komandaya vəsait cəlb etmək istəyirik. Oyunlarımızı Bakıda və ya başqa yerdə keçirdikdə isə bilet satışı da gerçəkləşdirə bilməyəcəyik”.

“İmişli” rəsmisi klubun Bakıya köçməsi və bölgə klublarının stadionlarından yararlanmamasının səbəbini isə belə izah edib: “Düzdür, Şamaxı Olimpiya İdman Kompleksinin stadionu ilə müqaviləmiz var, amma “Şamaxı” klubu ilə danışığımız olmayıb. Çünki elita təmsilçisi kimi məşqlərini və ev oyunlarını orada keçirir. Təsəvvür edin, növbəti mövsüm “Şamaxı” ilə ev oyunlarımızı onların meydançasında keçiririk. Bu, nə dərəcədə doğru olar? “Kəpəz” məsafə yaxın olduğundan Tovuz şəhər stadionundan istifadə edir. Hərçənd, mən onu düzgün hesab etmirəm, bir az futbola uyğun gəlmir. Həm də səfər komandası səfərdə olmasını hiss etməlidir. “Turan Tovuz” – “Kəpəz” oyunu olursa, gəncəlilər orada qonaqdır. Azarkeş də ora tovuzlulara dəstək olmağa gəlir. Düzdür, bu, zərurətdən irəli gəlir, “Kəpəz” də istəməz ki, belə olsun. Amma hər variantı da yoxlamaq gərəkdir. Elə ab-hava yaratmaq lazımdır ki, rəqib komanda hiss eləsin qonaqdır. Çempionat bitdikdən sonra stadionda təmir işlərinə başlayacağıq. Ona görə indidən Gənclər və İdman Nazirliyi, AFFA-ya dəstək olmaları üçün müraciət etmişik. Ona görə AFFA-nın balansında olan stadionlardan birini növbəti mövsümün əvvəlində icarəyə götürəcəyik”.

Qeyd edək ki, Heydər Əliyev adına İmişli şəhər stadionu 8 500 tamaşaçı tutumuna malikdir. Rayonun tarixi klubu “MKT-Araz” həmin stadionda UEFA Kuboku və UEFA İntertoto Kuboku matçlarını keçirib. Komanda 2006/2007 mövsümündə İntertoto Kubokunda Moldova “Tiraspol”u ilə qarşılaşıb. Həmin mövsüm “MKT-Araz”ın Premyer Liqada son mövsümü olub. 13 komanda arasında 5-ci pillədə qərarlaşan İmişli klubu ölkə kubokunda finala yüksəlib. Həlledici görüşdə “Xəzər Lənkəran”a uduzan komanda gümüş medallara sahib çıxıb – 0:1. Bu nəticə ilə yenidən avrokuboklara yüksələn aranlılar UEFA Kubokunda Polşa “Qrotslin”i ilə qarşılaşıb. “MKT-Araz” iki oyunun nəticəsinə görə 0:1 hesabı ilə məğlub olub. Uğursuzluğa görə klub rəhbərliyi komandanın çıxışını dayandırmağa qərar verib. “MKT-Araz” növbəti mövsüm çıxışını I Dəstədə davam etdirib.