BAKI, 16 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Neftçi" komandaları üz-üzə gəlib.

Görüş "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada hesabı 17-ci dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Filip Ozobiç açıb. 29-cu dəqiqədə Elvin Camalov fərqi artırıb. Bu, təcrübəli yarımmüdafiəçinin yeni klubunda ilk qolu olub.

"Dənizçilər"in kapitanı Rüfət Abdullazadə 43-cü dəqiqədə fərqi azaldıb.

47-ci dəqiqədə meydan sahiblərinin epizodunda Abdullazadə penalti qazansa da, VAR sisteminə baxıldıqdan sonra epizodun başlanğıcında ofsayd qeydə alınıb. Nəticədə 11 metrlik cərimə zərbəsi ləğv olunub. 90+5-ci dəqiqədə isə "ağ-qaralar"ın qapıçısı Rza Cəfərov künc ötürməsindən başla zərbəyə ani reaksiya verərək, komandasını real qoldan xilas edib.

Beləliklə, "Neftçi" çempionatda 7-ci qələbəsini qazanıb və xallarını 31-ə çatdıraraq, 6-cı pillədəki mövqeyini geri qaytarıb. 18 xalla sonuncu olan "Səbail" isə 9-cu mövqedəki "Kəpəz"dən 5 xal geri düşüb.

Qeyd edək ki, XXVII tura "Turan Tovuz" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Əvvəlki qarşılaşmalarda "Araz-Naxçıvan" "Şamaxı" ilə, "Kəpəz" "Qarabağ"la 0:0, "Sabah" isə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.