LƏNKƏRAN, 17 oktyabr. TELEQRAF

Lənkəranda güclü leysan yağışları nəticəsində şəhərin bir sıra ərazilərini sel basıb.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, ötən gecədən yağan intensiv yağışlar şəhər ərazisində, xüsusilə ara məhəllələrdə ciddi fəsadlara səbəb olub.

Suötürücü və selötürücü xəndəklər dolduğu üçün sel suları axın tapa bilməyərək həyətyanı sahələrə və 2-ci mikrorayon ərazisindəki binaların qarşısına dolub.

Sakinlərin sözlərinə görə, binaların qarşısında yığılıb qalan sular evlərə girib-çıxmağı çətinləşdirib. Sürücülər isə şikayətlənirlər ki, yollarda toplanan sel suları ilə xəndəklərdəki suyun səviyyəsi eyni olduğundan, bu vəziyyət qəza riskini artırır və avtomobil təkərləri xəndəklərə düşür.

Şəhər icra hakimiyyətindən şifahi olaraq bildirilib ki, suötürücü və selötürücü kanallar mütəmadi olaraq təmizlənir. Lakin bəzi vətəndaşların tullantıları xəndəklərə atması nəticəsində suyun axarı bağlanır. Hazırda xəndəklərin mərhələli şəkildə təmizlənməsi işləri davam etdirilir.

Qeyd edək ki, rayon ərazisində yağışlı hava şəraiti davam edir.