ASTARA, 3 oktyabr. TELEQRAF

Astarada kafenin sanitar qovşağı məktəbin həyətində tikilib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Ağkörpü kəndində fəaliyyət göstərən kafe özünün yeni sanitar qovşağını məktəbin ərazisində inşa edib. Bu barədə kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, məktəbin sanitar qovşağı ilə kafenin sanitar qovşağı arasında cəmi bir neçə metr məsafə var ki, bu da valideynlərin narahatlığına səbəb olub.

Sakinlərin bildirdiyinə görə, məsələ barədə məktəb rəhbərliyinə məlumat verilsə də, hər hansı müsbət nəticə əldə edilməyib.

Kənd sakini Əlvan Abdullayev bildirib ki, əvvəlki illərdə məktəbin çəpəri daha geniş ərazini əhatə etsə də, sonradan çəpər inzibati bina istiqamətində çəkilib. Bu isə hazırkı vəziyyətin yaranmasına səbəb olub.

Yerli sakinlər problemin həlli üçün sözügedən sanitar qovşağının sökülməsinin vacibliyini qeyd edirlər.