BAKI, 13 avqust. TELEQRAF

Ukraynaya göndərilən məqsədli elektrik avadanlıqlarından ibarət yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından yola salınır.

Teleqraf xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Ukraynaya humanitar yardım göndərilən zaman deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yükün göndərilməsi Energetika Nazirliyi tərəfindən təmin edilir.

C.Mikayılovun sözlərinə görə, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 25 ədəd generator, yeddi dəst transformator daxildir.

"Bu gün ilk hissə 10 tırdan ibarət yük avtomobili ilə yola salınır. Təqribi 2 həftəyə Ukraynaya çatması gözlənilir.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları həcmində olan avadanlıqların digər hissəsi növbəti günlərdə 9 tır vasitəsilə yola salınacaq".

Nazirliyin rəsmini bildirib ki, avadanlıqlar Azərbaycanda istehsal olunub.

"Bundan öncə də Azərbaycan elektrik təchizatı ilə əlaqədar Ukraynaya humanitar yardım göndərib. Müharibə şəraiti ilə əlaqədar Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötməkdədir.

Avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərməkdir".