
XANKƏNDİ, 4 iyul. TELEQRAF
Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Toplantısına ev sahibliyi edir.
Teleqraf-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə üzv dövlətlərin prezidentləri, Baş nazirləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edirlər.
Zirvə görüşü regional iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, enerji və digər sahələrdə birgə layihələrin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
30 ildən sonra Xankəndinin beynəlxalq tədbirə ev sahibliyi etməsi həm rəmzi, həm də strateji baxımdan önəmlidir. Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bölgədə sabitliyin və inkişafın təmin olunmasının bariz göstəricisidir.
Tədbirə yerli media qurumları ilə yanaşı, bir sıra nüfuzlu beynəlxalq media nümayəndələri də qatılıb. Onlar Zirvə Toplantısını işıqlandırmaq, rəsmi çıxışları, görüşləri və qəbul olunan qərarları izləmək üçün Xankəndidədirlər.
Zirvə toplantısının keçirildiyi ərazidə yerli və beynəlxalq media üçün bütün şərait yaradılıb, jurnalistlər noutbuk və digər lazımi avadanlıqlarla təmin olunub.