BİLƏSUVAR, 1 iyul. TELEQRAF

Biləsuvar sakini qurduğu bildirçin təsərrüfatı ilə ənənəvi kənd təsərrüfatı sahələrindən qat-qat çox gəlir əldə edir.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, rayonun Ağalıkənd kənd sakini artıq iki ildir bildirçin təsərrüfatı ilə məşğuldur və bu sahədə artıq kifayət qədər təcürbə qazanıb.

“Bizdə hazırda kəsimi də var, yumurtası da. Yumurtadan çıxan 2 günlükdən tutmuş, 50 günlük yumurtalığa qədər quşlarımız satışdadır. Artıq bu sahədə 2 ildən çoxdur çalışıram və demək olar ki, bütün incəliklərini öyrənmişəm. Əgər yaxşı baxarsansa, 28-32 günə kəsimə hazır vəziyyətə gəlirlər”, – deyə təsərrüfat sahibi Taleh Zeynalov bildirib.

Fermerin hesablamalarına görə, bir bildirçin ay ərzində 80 qəpikdən 1 manatadək gəlir gətirə bilər. Hazır məhsulların həm yumurtaların, həm də kəsimə yararlı bildirçinlərin foto və videoları sosial şəbəkələrdə paylaşılır, sifarişlər isə əsasən onlayn qəbul olunur.

“Ət istəyən ayrı çəkiliş istəyir, yumurta istəyən ayrı. "İnstagram", "TikTok"da videolar paylaşırıq, əlaqə nömrələrimiz də oradadır. Say çox olduqda özümüz də çatdırırıq”, – deyə fermerin oğlu Tural Zeynalov qeyd edib.

“Satışlarımız demək olar ki, internet üzərindəndir. Müştəri o qədər çoxdur ki, artıq sifarişləri çatdırmaqda çətinlik çəkirik. Daha böyük təsərrüfat qurmağa ehtiyac var. Ən çox müştərilər cənub zonasındandır, amma şimaldan da çoxsaylı sifarişlər gəlir. Onların əksəriyyəti bizi sosial şəbəkələr vasitəsilə tapıb”, – deyə Taleh Zeynalov əlavə edib.

Hazırda bazarlarda bir bildirçinin qiyməti 3 manat 50 qəpik olsa da, Taleh Zeynalov topdansatışda bu quşları bir manat ucuz, yəni 2 manat 50 qəpiyə təklif edir. Yüksək tələbatın səbəblərindən biri də budur. Bildirçin yumurtaları isə 15 qəpiyə satılır.

Qeyd edək ki, bildirçinlər digər ev quşlarına nisbətən xəstəliklərə daha davamlıdır və bu səbəbdən təsərrüfatda dərmanlardan istifadə olunmur. Bu isə həm sağlam məhsul, həm də əlavə xərcsiz gəlir deməkdir.