.jpg)
MİNGƏÇEVİR, 23 may. TELEQRAF
Mingəçevirdə Kür çayında fəaliyyət göstərən gəzinti qayıqlarında hələ də biletlə səyahət sistemi tətbiq olunmur. Bu məsələ nəqliyyatda təhlükəsizlik və şəffaflıq baxımından vacib görünsə də, hələlik rəsmi qaydada gündəliyə salınmayıb.
Mövzu ilə bağlı Teleqraf-ın yerli bürosunun sualına aydınlıq gətirən Kür çayının sahilində yerləşən yeganə limanın rəsmi nümayəndəsi Qardaşəli İmanov bildirib ki, hazırda bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur:
“Əslində, Kür çayının Sahil parkı və ətraf zolağında sərnişindaşıma ilə məşğul olan çoxlu gəmi və qayıq fəaliyyət göstərir. Amma onlardan yalnız 20-si rəsmi limana yan alır və biz onlarla təhlükəsizlik və fəaliyyət baxımından müqavilə əsasında əməkdaşlıq edirik”.
O qeyd edib ki, həmin 20 qayıqdan ikisinin sahibkarı müqavilə imzalamaqdan imtina edir və liman rəhbərliyi bu problemi məhkəmə yolu ilə həll etməyə çalışır:
“Təəssüf ki, bəzən təəccübləndirici və narahatlıq doğuran hallarla üzləşirik. Bəzi sahibkarlar Vətən müharibəsində status qazanmış şəxsləri limana gətirir və onların vasitəsilə təzyiqlərlə qarşılaşırıq”.
Bilet sistemi rəsmi tətbiq olunmasa da, sərnişinlər üçün gəzinti qiymətləri müəyyən qədər normaya salınıb.
Belə ki, bir dairəlik qayıq gəzintisi adambaşına 1 manat, ailəvi gəzintilər (kiçik və iri qayıqlarla) 10 manat, çay süfrəsi ilə ailəvi gəzinti 20 manat,
Çaydakı 4-5 adacığa səfər 50 manat (qiymətə orada çay və qidalanma daxil deyil) hesablanır.
Ən ciddi problemlərdən biri isə qayıq və gəmilərə yükgötürmə qabiliyyətindən artıq sərnişin alınmasıdır. Bu həm təhlükəsizlik riski yaradır, həm də sahibkarların gəlirlərinə nəzarəti çətinləşdirir.
Bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin regional nümayəndəliyi bildirib ki, belə hallar yolverilməzdir: “Sahibkarlara bu barədə vaxtaşırı xəbərdarlıqlar edilir, protokollar tərtib olunur və onlar cərimə olunurlar”.
Buradan belə nəticəyə gəlirik ki, sözgüdən ərazidə bilet sistemi tətbiqi, sərnişin yüklənməsi və təhlükəsizlik tədbiriləri sahəsində ciddi tədbirlərə ehtiyac var. Əks halda, bu gözəl təbiət guşəsində bir gün xoş istirahət faciəyə çevrilə bilər.