İrəvanda zibil yığan “Sanitek” şirkəti Ermənistana qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkət açıqlamasında bildirib.

Qeyd edilir ki, şirkət və xarici investor olan bütün səhmdarları iddia qaldırmanın növbəti mərhələsini başa vurub.

Bildirilib ki, iddia Vaşinqtonda yerləşən və Dünya Bank Qrupunun üzvü olan İnvestisiya Mübahisələlərinin Həlli Beynəlxalq Mərkəzinə (International Centre for Settlement of Investment Disputes, ICSID) təqdim edilib.

Əlavə edilib ki, problem Ermənistanın Livan və Kanada ilə bağladığı investisiya təşviqi müqavilələrinin, habelə “Dövlətlər və Başqa Dövlətlərin Vətəndaşları arasındakı investisiya mübahisələrinin həlli haqqında” konvesiyanın 36-cı maddəsi ilə bağlıdır.

Mübahisə yaradan durum isə Sanitek şirkətinin İrəvanda zibil yığımına qoyduğu sərmayə, habelə Ermənistan-Livan, Ermənistan-Kanada sərmayə qoruma müqavilələrinin uzun müddətdir Ermənistan hökuməti və İrəvan bələdiyyəsi tərəfindən kobud sürətdə pozulmasıdır. Daha konkret desək, mübahisə Ermənistan hökumətinin ayrı-seçkilik və mənimsəmə hərəkətlərindən, xüsusilə İrəvan bələdiyyəsi və digər orqanların qanunsuz davranışlarından qaynaqlanır.

Şirkət əlavə edib ki, İrəvan meriyası müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyib, konsessiya müqavilələrinin müddəti bitmədən Sanitek şirkətinin dövlət zibil toplama şirkəti ilə əvəz edilməsinə dair qərar verib. Şirkət bu qərarın siyasi motivli olduğunu iddia edir.

Sanitek şirkətinin bəyanatına görə, yeni yaradılan şirkət Sanitek-ə təqdim ediləndən daha əlverişli şəraitdə işləyir. Bu da Ermənistan hökumətinin xarici investorlara münasibətin göstəricisi və ayrı-seçkiliyin təzahürüdür.

Şirkət elan edir ki, Ermənistan hökumətinin və İrəvan bələdiyyəsinin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində Sanitek-ə dəyən ziyan 25 milyon dolları keçib.

“Sanitek şirkəti və investorlar pozulmuş hüquqlarını beynəlxalq hüquq yolu ilə bərpa etməyi planlaşdırır”, - açıqlamada qeyd edilib.

Xatırladılır ki, şirkət 2019-cu il, oktyabrın 8-də verdiyi bəyanatla şirkətin arbitraj iddiası təqdim etmək niyyəti barədə səlahiyyətli dövlət qurumlarına xəbərdarlıq edilib: “Lakin bu günə qədər bəyanat dövlət orqanları tərəfindən cavabsız buraxılıb”.

Əlavə edək ki, 2019-cu ilin oktyabrın 3-də İrəvan bələdiyyəsinin sədri Hayk Marutyan Sanitek zibil toplama şirkəti ilə müqaviləni birtərəfli qaydada ləğv edib.