BAKI, 27 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp "Chevron"nun Venesuelada neft hasilatı və satışı ilə bağlı lisenziyasını ləğv etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu addımı Venesuela Prezidenti Nikolas Maduronun seçki islahatlarını irəli sürməməsi və venesuelalı immiqrantların ekstradisiyasını sürətləndirməməsi ilə əsaslandırıb.

"Chevron"nun lisenziyası Venesuelanın neft hasilatını artırmağa kömək edərək Maduro hökuməti üçün əsas maliyyə mənbələrindən birinə çevrilmişdi.

Şirkət ölkədə gündə təxminən 240 min barel neft hasil edirdi ki, bu da Venesuelanın ümumi neft hasilatının təxminən 25 faizinə bərabər idi.

Bu qərarın Venesuela iqtisadiyyatına ciddi təsir göstərəcəyi və neft sənayesində problemlərə səbəb olacağı gözlənilir.

Qeyd edək ki, bu qərar martın 1-dən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, sözügedən lisenziya 2022-ci ilin noyabrında Co Bayden administrasiyası tərəfindən verilmişdi. ABŞ-nin sanksiyaları səbəbindən çətin vəziyyətdə olan Venesuela iqtisadiyyatına mühüm maliyyə dəstəyi təmin edirdi.