![](https://teleqraf.az/storage/2025/02/11/715x378/avropa.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Avropanın təbii qaz anbarlarının doluluq nisbəti 48,5 faiz səviyyəsinə düşüb. Bu da ötən ilin eyni dövründəki 67 faiz göstəricisindən xeyli aşağıdır. Təbii qazın azalması ilə bağlı narahatlıqlar fonunda TTF-də (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) mart ayı üzrə müqavilələrdə təbii qazın qiyməti 58,75 avroya yüksələrək son iki ilin ən yüksək səviyyəsinə çatıb.
Teleqraf Avropa Qaz İnfrastrukturu Təşkilatına (GİE) istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri arasında anbarlar üzrə ən aşağı doluluq göstəricisi 29,9 faiz ilə Fransada qeydə alınıb. Bu, Avropa Komissiyasının müəyyən etdiyi 41 faiz hədəfinin altındadır. Ukraynada qaz anbarlarının doluluq nisbəti cəmi 9,3 faiz, Böyük Britaniyada isə 25,7 faiz təşkil edib.
Portuqaliya anbarların doluluq nisbətinə görə Avropada liderdir. Bu ölkəni 88 faizlə İsveç, 69 faizlə İspaniya izləyir.
Qeyd edək ki, Avropa İttifaqı ölkələrində ümumilikdə 113 milyard kubmetr həcmində təbii qaz anbarları mövcuddur. Ən böyük tutumlu anbar Almaniyada (25,1 milyard kubmetr) yerləşir.Almaniyanı 20,2 milyard kubmetr təbii qaz tutumuna malik anbara sahib olan İtaliya, 14,7 milyard kubmetr tutumu olan Niderland, 13,2 milyard kubmetr tutumu olan Fransa izləyir.