BAKI, 3 iyun. TELEQRAF
Zaqatala, Salyan, Bakı şəhərinin Qaradağ, Qax, Neftçala, Qusar, Astara və Siyəzən rayonlarında oğlanlar yüksək faizlə (uyğun olaraq, 63.49%, 62.36%, 57.78%, 57.69%, 56.98%, 55.00%, 53.22% və 51.25%) texniki ixtisaslar qrupunu seçiblər.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalında qeyd olunub.
"Əvvəlki illərdəki qəbulun nəticələri də göstərir ki, bu bölgələrdə oğlanların texniki ixtisaslara maraqları yüksəkdir və bu, bir ənənəyə çevrilib.
Buna səbəb həmin bölgələrdə dəqiq fənlərin, xüsusən riyaziyyat və fizika fənlərinin tədrisi səviyyəsinin yüksək olması, həmçinin texniki elmlərlə bağlılığı olan sənaye müəssisələrinin mövcudluğudur. Şübhəsiz, müəllimin nüfuzu, yüksək təhsili və pedaqoji bacarığı da şagirdlər arasında fənnin daha dərindən öyrənilməsini şərtləndirir. İxtisas seçərkən isə gənclər ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verirlər.
Bu il Quba, Şamaxı, Şuşa, Abşeron, Xocalı, Bakı şəhərinin Xəzər, Qaradağ, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Mingəçevir şəhərində isə qızlar humanitar ixtisaslara daha çox üstünlük veriblər", - hesabatda bildirilib.