BMT baş katibi Pan Gi Mun və “Qırmızı Xaç” Beynəlxalq Komitəsinin prezidenti Peter Maurer birgə bəyanatla çıxış ediblər. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, sənəddə onlar dünya liderlərini passivlikdə ittiham ediblər.
“Görünməmiş anti-bəşəriliklə üz-üzə qalan dünya artıq iflic vəziyyətə düşüb. Bu isə BMT-nin mövcudluğunun özünü mənasız edir” – bəyanatda vurğulanır.
Bəyanat müəlliflərinə görə, Suriyadakı, İraqdakı, Yəməndəki və Cənubi Sudandakı hadisələr təməl bəşəri prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir: “Mülki vətəndaşlara qarşı qətllər və işgəncələr baş verir, bir sıra regionların əhalisi aclıq çəkir. Bütün bunlar Cenevrə Konvensiyasını kobud şəkildə pozur, vəhşiliklərin baiskarları cəzasız qalır, heç kim hətta onları dayandırmağa cəhd eləmir”.
Qurum rəhbərləri dünya liderlərindən təcili hərəkət etməyi tələb ediblər, ölkələri silahlı qrupları maliyyələşdirməyi dayandırmağa və iştirakçı olduqları konfliktləri nizamlamağa başlamağa səsləyiblər.
Bu iki beynəlxalq təşkilatın başçıları müraciəti presedenti olmayan addım hesab edirlər. BMT və “Qırmızı Xaç” indiyədək heç vaxt birgə bəyanatla çıxış etməyib.