BAKI, 21 noyabr. TELEQRAF

Finlandiya körfəzində Kalininqrada gedən Rusiya yük gəmisinə dronla hücum edilib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, zərbədən sonra gəmidə yanğın baş verib.

Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx Telegram-dakı paylaşımında məlumatı təsdiqləyib.

Besprozvannıxın sözlərinə görə, hadisə Finlandiya körfəzinin neytral sularında baş verib. Hazırda heyət təxliyə olunur və mütəxəssislər hadisənin səbəblərini araşdırır.

Bu arada, Finlandiya tərəfi zədələnmiş gəminin alovlandığını və beynəlxalq sulardan Finlandiya ərazi sularına doğru hərəkət etməyə başladığını təsdiqləyib.

Finlandiya Sərhəd Mühafizəsi vəziyyətin digər gəmilər üçün təhlükə yaratmadığını bildirib.

Finlandiya Sərhəd Mühafizəsinin açıqlamasında deyilir: "Vəziyyət digər dəniz gəmiçiliyi üçün təhlükə yaratmır... Mümkün xilasetmə əməliyyatları üçün hazırlıqlar digər Finlandiya hakimiyyət orqanları və beynəlxalq səviyyədə əməkdaşlıq çərçivəsində aparılır".

Kalininqrad vilayəti Baltik dənizi sahilində, Polşa və Litva ilə həmsərhəd olan Rusiyanın anklavıdır. Ərazi Rusiyanın materik hissəsindən ayrılıb və Moskva üçün strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, 11 noyabrda Ukrayna Müdafiə Qüvvələri Leninqrad vilayətindəki Rusiyanın Ust-Luqa limanına hücum edib. Pilotsuz təyyarələrin zərbələri nəticəsində orada genişmiqyaslı yanğın baş verib, neft terminalları və digər liman infrastrukturu zədələnib.

Ukrayna hərbçiləri həmçinin "Kalibr" və "Oniks" raketlərinin daşıyıcısı olan Rusiyanın "Buyan-M" raket gəmisini də vurub.