BAKI, 31 oktyabr. TELEQRAF
"Ukrayna və Rusiya ilə apardığımız danışıqlar göstərdi ki, diplomatiya yolu ilə konkret nəticələr əldə etmək olar. Bu gün biz deyirik ki, ədalətli sülhdə uduzan yoxdur. Sülhün yolunu açmaq üçün əlimizdən gələni etməyə hazırıq".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Ərdoğan qeyd edib ki, görüşdə Ukraynada sülhə nail olmaq üçün son zamanlar intensivləşdirilmiş səylər və Qara dənizdəki təhlükəsizlik vəziyyət ətraflı müzakirə edilib: "Müharibəni diplomatik yollarla bitirmək təşəbbüslərinin, xüsusən də ABŞ Prezidenti cənab Trampın səyləri ilə geniş vüsət almasından məmnunuq. Əslində, Ukrayna ilə Rusiya arasında keçirdiyimiz danışıqlar göstərdi ki, konkret nəticələrə diplomatiya yolu ilə nail olmaq olar. Bu gün biz inanırıq ki, ədalətli sülhün məğlub tərəfi yoxdur. Vurğulamaq istərdim ki, sülhə yol açmaq üçün əlimizdən gələni etməyə hazırıq."
Ərdoğan onu da bildirib ki, görüşdə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb: "Müharibənin əvvəlindən bəri Qara dənizdə təhlükəsizlik və sabitliyin qorunması üçün fəal şəkildə çalışırıq. Lakin son zamanlar, eskalasiya ilə paralel olaraq, münaqişənin Qara dənizə də yayılmasının şahidi oluruq. Mülki gəmilərə hücumların və Qara dənizdə eskalasiyanı artıracaq addımların heç kimə fayda verməyəcəyi aydındır. Bu hücumları kimin həyata keçirməsindən və ya əsaslandırmasının nə olduğundan asılı olmayaraq, heç bir şəkildə qəbul edə bilmərik. Bütün tərəfləri bu baxımdan məsuliyyətli davranmağa çağırırıq. Qara dənizdə naviqasiya təhlükəsizliyini bərpa etmək üçün tərəflərlə müzakirələrimizi davam etdirəcəyik. İnanıram ki, razılaşmanın əldə edilməsi Ukraynada davamlı sülhə nail olmaq səylərinə də təkan verəcək. Xüsusilə də bu məsələni Rusiya ilə müzakirə etməklə bu prosesi irəli aparmağı hədəfləyirik".