BAKI, 31 oktyabr. TELEQRAF

Polşanın Rumıniyadakı səfiri Pavel Soloç ölkəsindəki siyasi böhran fonunda istefa verib.

Teleqraf xəbər verir ki, səfir məktubunda yazıb: "Konstitusiya Məhkəməsinin qanunsuz ələ keçirilməsi cəhdi kontekstində Polşa Respublikasının Rumıniyadakı səfiri kimi fəaliyyətimi davam etdirməyin heç bir mənasını görmürəm".

Solox əlavə edib ki, qərarı barədə Polşa Prezidenti Karol Navrotski və Xarici İşlər Naziri Radoslav Sikorskini məlumatlandırıb.

Bundan əvvəl Polşanın Çindəki səfiri Yakub Kumoç da eyni səbəbdən istefa vermişdi.

Polşada Baş nazir Donald Tuskun kabinetinin keçmiş üzvü Maçey Berekin Konstitusiya Məhkəməsində hakim təyin edilməsi qərarından sonra siyasi böhran yaranıb. Son həftələrdə məhkəmə binasının qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilir.

30 oktyabrda Polşa Ədliyyə Nazirliyinin rəhbəri Valdemar Žurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Bohdan Şvençkovskinin vəzifəsindən uzaqlaşdırılması və toxunulmazlığından məhrum edilməsi üçün vəsatət qaldırıb. Məhkəmə binasını mühafizə etmək üçün əlavə polis qüvvələri cəlb edilib.

31 oktyabr gecəsi etirazçılar məhkəmə binasının qarşısında toplaşaraq hasarı aşmağa cəhd edibər. Polis dörd nəfəri saxlayıb. Böhran dərinləşdiyi üçün prezident Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq, Varşavaya qayıdıb. Bəzi müxalif siyasətçilər hadisələri dövlət çevrilişinə cəhd adlandırıblar.