BAKI, 9 oktyabr. TELEQRAF
ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi sanksiyalar təkcə bu ölkəyə deyil, bütün beynəlxalq ictimaiyyətə qarşı yönəlib.
Teleqraf xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya “X” sosial şəbəkəsində bildirib.
Nazirin sözlərinə görə, Vaşinqtonun beynəlxalq hüquq və azad ticarət normaları baxımından hansı fəaliyyətin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün nə hüquqi, nə də mənəvi səlahiyyəti var.
“ABŞ-nin məhdudlaşdırıcı tədbirləri təkcə Kubaya qarşı qanunsuz şəkildə deyil, bütün dünya ictimaiyyətinə qarşı yönəlib. Bu tədbirləri qanuni hesab edənlər Kuba xalqına tətbiq olunan kollektiv cəzalandırmanın iştirakçısına çevrilirlər”, – Rodriqes Parrilya vurğulayıb.
XİN rəhbəri bildirib ki, ABŞ hökumətinin hansı ölkələrin Kuba ilə yanacaq və digər məhsullar üzrə ticarət aparacağını, adaya sərmayə yatıracağını və ya Kuba xalqına yardım göstərəcəyini müəyyənləşdirmək hüququ yoxdur.
O, həmçinin Vaşinqtonun dəniz blokadası və enerji embarqosu tətbiq etmək, beynəlxalq sularda gəmiləri saxlamaq və yoxlamaq, eləcə də digər dövlətlərin təbii sərvətlərinə və suveren ərazilərinə müdaxilə etmək səlahiyyətinin olmadığını qeyd edib.
Xatırladaq ki, ABŞ administrasiyası 2026-cı ilin yanvarında Kubaya yanacaq tədarükünün qarşısını almağa yönəlmiş tədbirlər qəbul edib. May ayında isə adaya neft tədarük edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar nəzərdə tutan yeni məhdudiyyətlər tətbiq olunub.
Bu tədbirlər Kubada, xüsusilə enerji sektorunda vəziyyətin daha da ağırlaşmasına səbəb olub.