BAKI, 6 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Polşa ərazisində yeni daimi Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bu, baş verə bilər”, - ABŞ Prezidenti Polşada yeni Amerika hərbi bazasının yaradılması perspektivini şərh edərkən deyib.

Tramp Polşa tərəfinin belə bir bazanın yaradılmasında maraqlı olduğunu da vurğulayıb. ABŞ Prezidenti sentyabrın 17-də də bu istiqamətdə danışıqlarda irəliləyiş əldə edildiyini açıqlamışdı.

Polşanın xarici işlər naziri Radoslav Sikorski sentyabrın sonunda bildirib ki, Varşava yeni daimi ABŞ hərbi bazasında 10 minədək amerikalı hərbçinin yerləşdirilməsini istəyir. Hazırda Polşada rotasiya prinsipi ilə təxminən 7 min ABŞ hərbçisinin olduğu bildirilir.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış iyunun 3-də ABŞ tərəfinə ölkədə daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim edib. Sentyabrın əvvəlində ABŞ nümayəndə heyəti Polşaya səfər edərək bazanın yerləşdirilməsi üçün potensial ərazilərə baxış keçirib.

Polşa rəsmiləri daha əvvəl mümkün yeni bazanın ölkənin qərb hissəsində yerləşdiriləcəyini bildiriblər.