BAKI, 6 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidentdə İranın əli olduğunu düşündüyünü bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə oktyabrın 5-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. ABŞ Prezidenti İranın hadisədə əli olub-olmadığı barədə suala “Bəli, düşünürəm. Şəxsən mən – bəli” cavabını verib.

Bununla belə, ABŞ vitse-prezidenti Cey Di Vens həmin gün İranın hadisə ilə əlaqəsini təsdiqləyən birmənalı məlumat görmədiyini bildirib. O, yekun nəticələrin ABŞ kəşfiyyat qurumları tərəfindən açıqlanmalı olduğunu vurğulayıb.

Tramp həmçinin ABŞ-nin Britaniyadakı Feyrford aviabazasından B-1 strateji bombardmançılarını çıxarmasına səbəb olan təhdidin kimdən gəldiyinin Vaşinqtona məlum olduğunu deyib. ABŞ Prezidenti mümkün təhdidin arxasında duran şəxslərin “ciddi problemlə üzləşəcəyini” bildirib, lakin İranın Britaniyaya pilotsuz uçuş aparatları göndərib-göndərmədiyini açıqlamayıb. Pentaqon B-1 bombardmançılarının ABŞ-dəkı bazalara qaytarıldığını təsdiqləyib.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edib. Hadisənin motivləri ilə bağlı araşdırma davam edir və hazırda İranın insidentdə iştirakını təsdiqləyən açıq sübut təqdim edilməyib. Reuters