BAKI, 6 oktyabr. TELEQRAF

ABŞ İrandakı sanksiyaya məruz qalmış maliyyə qurumları ilə əməliyyatları davam etdirən xarici maliyyə institutlarının əvvəlcədən xəbərdarlıq edilmədən sanksiya siyahısına salına biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Barəsində sanksiyalar tətbiq edilmiş İran maliyyə qurumları ilə əməliyyatları davam etdirən xarici maliyyə institutları əvvəlcədən xəbərdarlıq edilmədən istənilən vaxt sanksiyalara məruz qala bilər. Onlar bu cür fəaliyyət və münasibətləri dərhal dayandırmaq üçün tədbirlər görməlidirlər”, – nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, İranın qlobal maliyyə sisteminə çıxışına yardım edən, o cümlədən ölkənin banklarına, onların törəmə şirkətlərinə və üçüncü ölkələrdəki filiallarına maliyyə xidmətləri göstərən xarici qurumlar da sanksiya riski ilə üzləşirlər.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu qurumlar İran iqtisadiyyatının sanksiyaların tətbiq olunduğu sektorlarında fəaliyyət göstərdiklərinə və ya həmin sektorlara dəstək verdiklərinə görə məhdudiyyətlərlə üzləşə bilərlər.

Bundan başqa, İranla bağlı əməliyyatların ABŞ maliyyə institutları və ya digər amerikalı şəxslər tərəfindən sanksiya rejiminin pozulmasına səbəb olması halında xarici maliyyə qurumları inzibati və cinayət məsuliyyətinə də cəlb oluna bilərlər.