BAKI, 6 oktyabr. TELEQRAF
"OpenAI" yeni maliyyələşdirmə raundu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya fondları ilə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "OpenAI" ümumilikdə 30 milyard dollarlıq yeni maliyyələşdirmə raundu üzərində işləyir. BƏƏ fondları isə investisiyaları koordinasiyalı şəkildə həyata keçirmək üçün birgə strukturun yaradılması imkanını müzakirə edirlər.
Mənbələrdən birinin sözlərinə görə, BƏƏ fondlarının "OpenAI"yə birgə investisiyasının həcmi 10 milyard dollara çata bilər.
ABŞ-nin “BlackRock” investisiya şirkətinin də "OpenAI"nin yeni maliyyələşdirmə raundunda iştirak imkanını nəzərdən keçirdiyi bildirilir.
Bundan əvvəl "OpenAI"nin baş direktoru Sem Altman şirkətin 2026-cı ildə birjaya çıxmaq planından imtina etdiyini açıqlamışdı. O, qərarı süni intellekt sənayesində yaranmış yeni iş şəraitinə uyğunlaşmaq zərurəti ilə əlaqələndirmişdi.