BAKI, 2 avqust. TELEQRAF
İsrail Ordusu (SAXAL) Livanın cənubunda hərbi patrulun minaya düşməsi hadisəsində iştirak etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti açıqlama verib.
Məlumata əsasən, bazar günü Livan Silahlı Qüvvələrinə məxsus avtomobil ölkənin cənubunda partlayıcı qurğuya düşüb. Hadisə nəticəsində beş livanlı hərbçi yaralanıb.
İsrail ordusu bildirib ki, aparılan araşdırma nəticəsində partlayıcı qurğunun SAXAL-a aid olmadığı müəyyən edilib.
Açıqlamada qeyd olunub ki, İsrail ordusunda olan məlumata əsasən, partlayıcı qurğu Livanın şiə hərəkatı olan "Hizbullah"ın silahlıları tərəfindən yerləşdirilib.
Qurum əlavə edib ki, hadisə Livanın cənubundakı təhlükəsizlik zonasından kənarda baş verib və həmin ərazidə İsrail hərbçiləri olmayıb.