BAKI, 2 avqust. TELEQRAF
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis bölməsi yaxınlığında törədilən terror aktı nəticəsində həlak olanların sayı 14 nəfərə yüksəlib, daha 20 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Dawn" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, əvvəllər 7 nəfərin öldüyü və 18 nəfərin yaralandığı bildirilirdi. Svat dairəsinin polis rəisi Umar Xanın sözlərinə görə, kamikadze polis bölməsinin girişində saxlanılıb üzərinə baxış keçirilərkən partlayıcı qurğunu işə salıb.
Partlayış Kabəl-Çouk meydanı yaxınlığında baş verib. Həmin vaxt ərazidə Svat vadisində terror təhlükəsinin artmasına etiraz olaraq kütləvi aksiya keçirilirdi.