BAKI, 3 iyul. TELEQRAF
Ankara Avropa Ödəniş Şurasına (EPC) Vahid Avropa Ödəniş Zonasına (SEPA) qoşulmaq istədiyini ifadə edən rəsmi məktub göndərib.
Teleqraf xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında yüksək səviyyəli iqtisadi dialoqun yekunlarına dair yayılan birgə bəyanatda tərəflərin qarşılıqlı faydalı iqtisadi münasibətlərin inkişafı, iqtisadi etimadın qorunması və işgüzar mühitin möhkəmləndirilməsi istiqamətində razılığa gəldikləri bildirilir.
Bəyanatda Ankaranın bu addımının Aİ ilə Türkiyə arasında ticarət və investisiya əlaqələrinə mühüm töhfə verəcəyi vurğulanır. SEPA-ya qoşulmanın hər iki tərəf arasında sərhədyanı ödənişləri daha sürətli, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hala gətirəcəyi gözlənilir.