BAKI, 31 may. TELEQRAF

Rusiyanın Rostov vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra neft bazasında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Vilayət qubernatoru Yuri Slyusar bildirib ki, mayın 31-nə keçən gecə Rostovun Matveyev-Kurgan rayonunda PUA parçalarının düşməsi nəticəsində kənd təsərrüfatı istehsalçıları ilə işləyən özəl müəssisəyə məxsus yanacaq anbarı alışıb.

Eyni zamanda, Rusiyanın Saratov vilayətinin qubernatoru Roman Busargin də bölgədə mülki infrastruktur obyektlərinin zərbəyə məruz qaldığını bildirib. Lakin regional rəhbərlik hansı obyektlərin zədələndiyi barədə dəqiq məlumat verməyib.

Buna baxmayaraq, internetdə yayılan peyk görüntüləri və videoları araşdıran müstəqil ekspertlərin məlumatına görə, zərbə məhz Saratov neft emalı zavoduna dəyib.

Qeyd edək ki, sözügedən zavod bundan əvvəl də dəfələrlə Ukraynaya məxsus dronların hədəfinə çevrilmişdi.