BAKI, 8 aprel. TELEQRAF
Livanın cənubunda yerləşən BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki İtaliya kontingenti ilə bağlı baş verən növbəti insidentdən sonra İsrailin bu ölkədəki səfiri İtaliya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani "X" hesabında paylaşım edib.
"Mən Livanda baş verən hadisələrə aydınlıq gətirilməsi üçün İsrailin İtaliyadakı səfirinin çağırılması barədə göstəriş vermişəm. İtaliya hərbçilərinə toxunmaq olmaz", - nazir qeyd edib.
İtaliya Müdafiə Nazirliyindən verilən məlumata görə, İtaliya hərbi karvanı İsrail ordusu tərəfindən atəşə tutulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
İtaliya rəhbərliyi Livanda sülhün qorunması və de-eskalasiya istiqamətində səylərin davam etdiriləcəyini, lakin Romanın sülhməramlıların roluna hörmət edilməsini və onların təhlükəsizliyinin təmin olunmasını tələb etdiyini vurğulayıb.