BAKI, 28 mart. TELEQRAF
“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin Fransada keçirilən görüşü zamanı ABŞ dövlət katibi Marko Rubio ilə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas arasında mübahisə yaşanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” şahidlərə istinadən məlumat yayıb.
Məlumata görə, Rubio həmkarının iradlarından açıq şəkildə narazı olub. Nəşr yazıb ki, Kallas bir il əvvəl G7 xarici işlər nazirlərinin oxşar görüşündə Rubionun “əgər Rusiya ABŞ-nin müharibəni dayandırmaq səylərinə mane olarsa, amerikalıların səbrinin tükənəcəyi və yeni addımlar atılacağı” barədə dediklərini xatırladıb.
“Bir il keçib, amma Rusiya mövqeyini dəyişməyib. Səbriniz nə vaxt tükənəcək?” – deyə Kallas soruşub. Kallas əsəbiləşmiş Rubiodan “kəskin cavab” alıb.
“Biz müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi edirik. Əgər siz bunu daha yaxşı edə biləcəyinizi düşünürsünüzsə, buyurun. Biz kənara çəkilərik”, – deyə ABŞ dövlət katibi səsini qaldıraraq bildirib.
O əlavə edib ki, Vaşinqton münaqişənin hər iki tərəfi ilə danışıqlar aparmağa çalışır, lakin yalnız Ukraynaya silah, kəşfiyyat məlumatları və digər dəstək göstərir.
Mənbənin sözlərinə görə, “gərgin mübahisəni” yumşaltmaq üçün bir neçə Avropa naziri müdaxilə etməli olub. Onlar ABŞ-dən Moskva ilə Kiyev arasında danışıqları davam etdirməyi xahiş ediblər. Daha sonra Marko Rubio və Kaya Kallas vəziyyəti sakitləşdirmək üçün qısa müddətə kənara çəkiliblər.
Sonradan jurnalistlərlə görüşdə Marko Rubio tərəflər arasında hər hansı gərginliyin olduğunu inkar edib. Kallasın nümayəndəsi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.