BAKI, 28 mart. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens vəzifədə qaldığı müddətdə naməlum uçan obyektlərlə (UFO) bağlı hökumət sənədlərini dərindən araşdırmaq niyyətində olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, müsahibəsində bildirib ki, bu mövzunun mahiyyətinə varmaq istəyir.

“Vəzifəyə başlayanda UFO-larla bağlı çox maraqlı idim. Sonradan iqtisadiyyat və milli təhlükəsizlik kimi məsələlərlə məşğul oldum. Amma qarşıda hələ üç ilim var və bu sənədlərin mahiyyətinə çatacağam”, - deyə Vens qeyd edib.

O bildirib ki, bəzi sənədlərlə tanış olsa da, mövzu barədə yekun fikir formalaşdırmaq üçün kifayət qədər vaxtı olmayıb.

Vitse-prezident əlavə edib ki, yadplanetlilər “demonlar” ola bilər.