BAKI, 28 mart. TELEQRAF
“Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan bu hava şəraiti ilin bu dövrləri üçün xas olan sinoptik proseslərlə bağlıdır. Bu, bizim region üçün o qədər də qeyri-adi hesab olunmur. Statistik məlumatlar göstərir ki, yağıntı normanı bir neçə dəfə üstələyib”.
Bu fikirləri Teleqraf-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib.
O vurğulayıb ki, bu, mart ayı üçün gözlənilən hava şəraiti hesab edilə bilər:
“Son illərdə iqlim dəyişmələrinin təsiri ilə yağıntıların intensivliyi və qısa müddətdə düşən miqdarı artıb. Bu, yağıntıların həm il, həm də ay daxilində paylanmasında baş verən dəyişikliklərlə əlaqəlidir. Bu da özünü daha çox şəhər mühitində göstərir və fəsadlar yaradır. Çünki şəhər mühitində səth əsasən bərk örtükdən-asfaltdan ibarətdir. Su torpağa hopmadan axıb gedir. Bu isə subasma riskini yüksəldir. Yağıntının təbii fəlakət kimi qiymətləndirilməsi üçün müəyyən meyarlar var. Burada əsas meyar onun yaratdığı təsirlərdir. Meteoroloji baxımdan 24 saat ərzində düşən yağıntının aylıq normanı bir neçə dəfə aşması təhlükəli hadisə hesab olunur. Bakının bəzi ərazilərində ciddi subasma halları müşahidə olunub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları bu istiqamətdə işlər görür”.
Rövşən Abbasov gələcəkdə istər Bakının baş planında, istərsə də digər dövlət proqramlarında bu cür fəsadlar xüsusi nəzərə alınmalı olduğunu qeyd edib:
“Mən burada əsasən Bakı göllərini qeyd edərdim. Abşeron gölləri adətən belə yağışların toplanma və udulma yeri olub. Yağış suları axaraq bu göllərə yönəlir. Buna Böyükşor gölünü, Xocasən və Bülbülə göllərini nümunə göstərə bilərik. Yağan sular təmiz sulardır və həmin göllərə istiqamətləndirilməlidir.
Gələcəkdə bu sulardan bağların və parkların suvarılması üçün istifadə etmək olar. Amma bu, daha uzunmüddətli planlaşdırma tələb edir.
Təəssüf ki, bəzi hallarda göllər doldurularaq onların yerində tikintilər aparılır. Baxmayaraq ki, bu kimi hallara görə cəzalar tətbiq olunur. Bu yaxınlarda elan olundu ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemləri yaxşılaşdırılacaq. Qarşıda 10 illik proqram var. Ümid edirəm ki, bu proqram çərçivəsində drenaj sistemlərinin genişləndirilməsi və yağış sularının idarə olunması kimi məsələlər xüsusi yer alacaq”.