BAKI, 24 mart. TELEQRAF

İraqın qərbində yerləşən Ənbar vilayətində şiə silahlı dəstəsi “Əl-Həşd əş-Şaabi”nin komandiri hava zərbəsi nəticəsində həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə silahlı qruplaşmanın yaydığı açıqlamada bildirilib. Məlumata əsasən, hadisə Əl-Həbbania şəhəri yaxınlığında qeydə alınıb.

Bildirilir ki, “Əl-Həşd əş-Şaabi”nin Ənbar üzrə komandiri Saad Davayi və onun bir neçə tərəfdarı ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hücum nəticəsində öldürülüb.

Qeyd olunur ki, qruplaşma üzvləri zərbəyə görə ABŞ-ı ittiham edir və İraqın siyasi qüvvələrini ölkənin suverenliyinin pozulmasına münasibətdə aydın mövqe sərgiləməyə çağırıb.

Məlumata görə, hücum nəticəsində ölənlərin dəqiq sayı açıqlanmasa da, bəzi mənbələr ən azı 6 nəfərin həyatını itirdiyini bildirir.

Xatırladaq ki, “Əl-Həşd əş-Şaabi” dəstələri İraqda terror təşkilatı “İslam Dövləti”nə qarşı mübarizə dövründə formalaşıb və hazırda rəsmi olaraq ölkə ordusunun tərkibinə daxildir. ABŞ isə bu qurumu İranla əlaqəli struktur kimi qiymətləndirir.