BAKI, 24 mart. TELEQRAF

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Əfqanıstanın hava məkanına daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə "TOLO News" telekanalı Əfqanıstan hərbçilərinə istinadən məlumat yayıb. Bildirilir ki, ölkənin şimalında Pakistan təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemləri tərəfindən atəş açılır.

Məlumata əsasən, Bəlx vilayətində yerləşən 209-cu “Əl-Fəth” ordu korpusunun nümayəndəsi Həmmad Visal Əfqanıstanın hava hücumundan müdafiə vasitələrinin Pakistan təyyarələrinə qarşı əməliyyat apardığını bildirib.

Qeyd olunur ki, Pakistan və Əfqanıstan arasında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşmanın müddəti martın 23-də başa çatıb və tərəflər atəşkəsin uzadılması barədə məlumat verməyib.

Xatırladaq ki, fevralın 26-da Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabul rəsmiləri bunu Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrinə cavab kimi izah edib.

Pakistanın müdafiə naziri Xavaca Asif isə bildirib ki, hazırda ölkəsi ilə Əfqanıstandakı “Taliban” hakimiyyəti arasında açıq silahlı qarşıdurma mövcuddur.

Əlavə edək ki, martın 18-də İslamabad və Kabul müsəlmanların Ramazan bayramı münasibətilə 5 günlük atəşkəs elan etmişdi. Bu prosesdə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə vasitəçi rolunda çıxış edib.