BAKI, 24 mart. TELEQRAF

ABŞ rəhbərliyi İranla müharibənin aprelin 9-dək başa çatdığını elan etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı İsraildən olan rəsmi şəxsə istinadən məlumat yayıb. Bildirilir ki, Vaşinqton aprelin 9-nu münaqişənin yekunlaşdırılması üçün hədəf tarix kimi müəyyən edib.

Məlumata əsasən, İran və ABŞ arasında danışıqların bu həftənin sonunda Pakistanda keçirilməsi gözlənilir.

Qeyd olunur ki, müharibənin göstərilən tarixədək başa çatması ABŞ Prezidenti Donald Trampın İsrailin Müstəqillik Günündə bu ölkəyə səfər etməsinə imkan yarada bilər.

Eyni zamanda, Trampın Pentaqona İranın enerji infrastrukturuna planlaşdırılan hücumu beş gün təxirə salmaq tapşırığı verdiyi bildirilir. Onun sözlərinə görə, son iki gündə ABŞ və İran arasında məhsuldar danışıqlar aparılıb.

Digər tərəfdən, "Fars" agentliyi mənbəyə istinadən İranın ABŞ ilə nə birbaşa, nə də vasitəçilər vasitəsilə əlaqə saxlamadığını qeyd edib.