BAKI, 21 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyanın Baş naziri Keir Starmerin ABŞ-yə ölkə bazalarından istifadə icazəsi verməsinin britaniyalıların həyatını risk altına qoyduğunu bildirib.

Teleqraf xəbər verir ki, iranlı diplomat qeyd edib ki, britaniyalıların böyük əksəriyyəti İsrail və ABŞ-nin İrana qarşı müharibəsində iştirak etmək istəmir. Onun sözlərinə görə, hökumət xalqın mövqeyini nəzərə almadan belə addım atmaqla təhlükə yaradır.

Abbas Əraqçi bildirib ki, İran Böyük Britaniyanın hərbi bazalarının İrana qarşı istifadə olunmasına cavab olaraq özünümüdafiə hüququndan istifadə edəcək.

Nazirin sözlərinə görə, bu açıqlama Londonun ABŞ-yə İran ərazisindəki hədəflərə zərbələr endirmək üçün aviabazalardan istifadə etməyə icazə verməsi qərarına cavabdır. Bildirilir ki, həmin zərbələr Hörmüz boğazında gəmilərə hücumların həyata keçirildiyi obyektlərə və ya region ölkələrinin infrastrukturuna yönələ bilər.

Qeyd edək ki, Böyük Britaniya daha əvvəl də ABŞ-nin İranda raket anbarlarına zərbələr endirmək üçün öz bazalarından istifadə etməsinə razılıq verib. Bununla yanaşı, London rəsmi olaraq ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına birbaşa qoşulmadığını vurğulayıb.