BAKI, 20 mart. TELEQRAF

ABŞ Dövlət Departamenti Venesuelada yerləşən səfirliyin fəaliyyətinin mərhələli şəkildə yenidən bərpa olunduğunu açıqlayıb və ölkəni artıq amerikalılar üçün ən təhlükəli səfər istiqamətləri siyahısına daxil etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət qurumunun yaydığı bildirişə istinadən məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvarından etibarən Dövlət Departamenti Venesueladakı səfirliyin fəaliyyətinin mərhələli bərpasına başlayıb. Qeyd olunub ki, Kolumbiyanın paytaxtı Boqotadakı ABŞ səfirliyində Venesuela ilə bağlı fəaliyyət göstərən şöbə Karakasdakı diplomatik nümayəndəlik tam açılana qədər məsafədən diplomatik missiya funksiyasını yerinə yetirəcək.

Dövlət Departamenti əlavə edib ki, bu və digər səbəblərə görə Venesuela artıq amerikalılara səfər etməmək tövsiyə olunan ölkələr siyahısına daxil edilmir. Ölkə indi ABŞ vətəndaşlarına səfər planlarını yenidən nəzərdən keçirməyin tövsiyə olunduğu dövlətlər siyahısına salınıb.

Bununla yanaşı, qurum Venesuelaya səfərlərin hələ də müəyyən risklər daşıdığını vurğulayıb. Bildirilib ki, ölkədə cinayətkarlıq, adam oğurluğu, terror aktları ehtimalı və səhiyyə sisteminin vəziyyəti ilə bağlı təhlükələr qalmaqdadır.