BAKI, 20 mart. TELEQRAF

Avropa İttifaqının sammiti ABŞ-nin İranla münaqişəsində hərbi dəstəyə dair heç bir qərar qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə sammitin Yaxın Şərq üzrə yekun bəyanatında bildirilib.

Sənəddə qeyd olunur ki, Aİ yalnız Somali sahillərində və Qırmızı dənizdə həyata keçirilən missiyalarda gəmilərin sayının artırılmasına çağırış etməklə kifayətlənib. Bununla yanaşı, bu missiyaların mandatının Hörmüz boğazına şamil olunması məsələsi gündəmə daxil edilməyib.

Bəyanatda vurğulanır ki, Avropa Şurası Somali sahillərində fəaliyyət göstərən “Atalanta” və Qırmızı dənizdə həyata keçirilən “Aspides” müdafiə missiyalarının rolunu qeyd edir və onların mövcud mandat çərçivəsində daha çox resursla təmin olunmasına çağırır.

Eyni zamanda, sənəddə bu missiyaların mandatının genişləndirilməsi və ya ABŞ-a hər hansı digər formada dəstəyin göstərilməsi ilə bağlı hər hansı qeyd yer almayıb.