BAKI, 20 mart. TELEQRAF
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva beynəlxalq ictimaiyyəti ABŞ-ın özünü digər ölkələr və qitələr üzərində hakim kimi aparmasına imkan verməməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, ictimai çıxışı zamanı bildirib.
Lula da Silva qeyd edib ki, heç bir ölkə dünyanın sahibi kimi davranmamalıdır və digər dövlətlər üzərində nəzarət iddiası qəbuledilməzdir. O, xüsusilə Qrenlandiya, Panama kanalı, Kuba və Venesuela ilə bağlı səslənən fikirlərə toxunaraq bunun mümkün olmadığını vurğulayıb.
Braziliya lideri əlavə edib ki, dünya müharibəyə deyil, sülhə ehtiyac duyur.
Onun sözlərinə görə, aparıcı ölkələr xalqların öz müqəddəratını təyin etmə hüququna hörmət etməyi öyrənməlidir.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb və bu, regionda gərginliyi daha da artırıb.